26/01/2016
00:10
5045
| A A A
Aleksey Qay: "Buna həm ümid edirəm, həm də inanıram"

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın müsahibəsi

- Ukrayna "Dnepr"i ilə yoxlama oyununuz barədə nə deyə bilərsiniz?
- Bu komandada çıxış etdiyim dövrdən çox vaxt keçib. Orada çox şey dəyişib. Amma oradakı bəzi şəxslərlə yenidən görüşmək xoş oldu. Yaxşı ifaçılara malik çox ciddi rəqibə qarşı mübarizə apardıq. Bizdən öncəki yoxlama oyunlarında məğlub olmaları heç nədən xəbər vermirdi. Bizimlə görüşdə oynamağı və qələbə qazanmağı bacardıqlarını göstərdilər.

- Bəs "Qəbələ" nəyi göstərdi?
- Əlbəttə, nəticə bizim istədiyimiz kimi olmadı. Amma bu oyunda çoxlu qol vəziyyəti yaratdığımızı nəzərə alsaq, matçı bizim aktivimizə yazmaq olar.

- Başa çatan Türkiyə toplanışını necə qiymətləndirərdiniz?
- Yaxşı, məhsuldar toplanış oldu. Fikrimcə, çempionatın qalan dövründə bu toplanışın faydasını görəcəyik.

- İkinci dövrədə qol epizodlarından yararlanmaqla bağlı ciddi problemləriniz var idi. İsveçrə "Sürix"i ilə yoxlama oyununda dörd qol vurduğunuzu nəzərə alsaq, bu problemin geridə qaldığını söyləmək olar?
- Buna həm ümid edirəm, həm də inanıram. Biz buna qadirik. İnanıram ki, bu problemi də yoluna qoyacağıq.

- Deməli, qarşıdakı oyunlarda ikinci dövrədəki kimi tez-tez xal itirməyəcəksiniz?
- Bundan heç kim sığortalanmayıb. Hətta ən yaxşı komplektləşmiş komanda da. Hər şeyə rəğmən, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk. Sadəcə, bundan sonra xal itkilərini minimuma endirməyə çalışmalıyıq.

- Komandanız çox az transfer etdi. Bu, yaxşı, yoxsa pis göstərici sayılmalıdır?
- Bunu rəhbərlikdən soruşmağınız yaxşı olardı. Çünki transfer məsələlərini onlar həll edirlər. Mən sadəcə, onu deyə bilərəm ki, komanda yoldaşlarınla nə qədər uzun vaxt keçirirsənsə, onları daha yaxşı tanımaq imkanı qazanırsan. Bilirsən ki, kim hara qaçacaq, kim hansı addımı atacaq. Bu, təbii ki, komandanın ümumi çıxışına da təsirsiz ötüşmür. (azerisport)

GÜNÜN ƏN ÇOX OXUNANLARI