20/01/2016
21:14
5097
| A A A
Bakı fk: 20 yanvarı unutma!
Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Bu gün "Qanlı Yanvar"ın 26-cı ildönümüdür. 

26 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı. 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 

...1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür.

Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz, həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. 

1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib. 

Goal.az klub saytına istinadla xəbər verir ki, bu gün "Bakı" futbol klubunun kollektivi matəm tədbirləri keçirməyi planlaşdırır. Əvvəlcə, gənc, yeniyetmə futbolçular və klub rəsmiləri Şəhidlər Xiyabanını ziyarət edəcək. Bunun ardınca klubun təlim-məşq bazasının ərazisində toplantı keçiriləcək.
GÜNÜN ƏN ÇOX OXUNANLARI