Şəhriyar Məmmədyarov Hollandiyada ilk qələbəsini qazandı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında ilk qələbəsini qazanıb.
Goal.az xəbər verir ki, 31 yaşlı zəka sahibi bu uğura V turda nail olub.
Ağ fiqurlarla oynayan Məmmədyarov ingiltərəli Maykl Adamsı 50-ci gedişdə məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində azərbaycanlı qrossmeyster xallarını 2,5-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. Turnir cədvəlinə isə hərəyə 3,5 xala malik Fabiano Karuana (ABŞ) ilə Din Lijen (Çin) başçılıq edir.
Növbəti turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. 14 şahmatçının yarışdığı və 13 turdan ibarət turnirə yanvarın 31-də yekun vurulacaq.