16/08/2022
18:00
5447
| A A A
Qurban Qurbanov: "Çempionlar Liqasının qrupunda oynamaq futbolçularımın haqqıdır"

"Qruplara düşmək üçün son sınağımızdır. Bu vaxtadək fərqli rəqiblərə qarşı oynadıq. Hazırkı rəqibimiz digərlərindən tam fərqlənir. Çexiya futbolu oyun intizamı ilə seçilir".

Goal.az xəbər verir ki, bunu Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın Viktoria Plzen komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Çexiyada atletik futbolun ön planda olduğunu bildirib: "Bu cür komandalara qarşı oynamışıq. Biz daha çox güc sərf etməliyik. Bakıda və səfərdə çox dözümlü olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Son sınaqdan faydalı çıxmağa çalışacağıq. Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Matça maraq da çoxdur. Fanatların inamını qoruyub saxlamaq niyyətindəyik. İnanıram ki, tərəfdarları razı sala biləcəyik".

Qurbanov daha əvvəl bu komanda ilə üz-üzə gəldiklərini xatırladıb: "Mərhələ adlayan tərəf onlar olmuşdu. Çoxlu qol imkanları yaratmışdıq. Amma onlar son dəqiqələrdə imkan yaxalayaraq qol vurdular. Hər matç mənim və komandam üçün böyük addımdır. İldən-ilə təcrübəmiz artır. Daha çox təcrübə toplamalıyıq. Böyük təcrübə də bu oyunlarda qazanılır".

Təcrübəli baş məşqçi bu il gərgin qarşılaşmalarının çox olduğunu diqqətə çatdırıb: "Polşa, İsveçrə və Macarıstan çempionları ilə üz-üzə gəldik. Futbol bu ölkələrdə bizim düşünmədiyimiz şəkildə inkişaf edir. Onlarla qarşılaşanda çətinliklər çəkirik. Həmişə futbolçularıma inanmışam. Rəqib haqqında tanışlıq verdikdə bunu diqqətlə, istəklə qarşılayırlar. Rəqib 5-6 futbolçu ilə sürətli hücuma çıxır və standart vəziyyətlərdən yaxşı istifadə edir. Son 6 oyunda vuduqları 15 qolun 7-ni standart vəziyyətlərdən vurublar. Çalışacağıq ki, meydanın bizə aid hissəsində az olsunlar".

Mütəxəssis havaların isti keçməsinə də toxunub: "Bakının istisi mənim üçün həmişə xoş olub, digər ölkələrin havasından fərqlənib. İsti havada məşq prosesi keçmək əlavə enerji alır. Avropa futbolunun üstünlüklərindən biri də onun iqlimidir. Onlar çox az müddətdə isti havada hazırlaşırlar. İsti havada istədiyin sürət olmur. Bu yöndə müəyyən addımlar atırıq, məşqləri münasib saatlara salmağa çalışırıq. Bakının istisindən xoşum gəlir. Bizə əlavə güc verən azarkeşlərimiz var. Onların dəstəyi ilə yorğunluğumuz çıxır".

Qurbanov müasir futbolda ev-səfər amilinin olmadığını diqqətə çatdırıb: "Futbolçuların təcrübələri artıb. Öz meydanında oynadığın zaman azarkeşlərin səni dəstəkləsi üstünlükdür. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki matçda rəqibə qarşı hazırlaşmalısan. Bu mövsümkü nəticələr də göstərir ki, birinci oyunun Bakıda olması bizim üçün faydalı olub".

Baş məşqçi oyun vaxtı çox qapanmaq istəmədiklərini vurğulayıb: "Oyunu rəqib meydanında qurmağa çalışırıq. Əsas vacib olan stabil nəticədir. Mən müdafiə xəttindən razıyam. Texniki səhvlər ola bilər. Məni narahat edən hər bir xətdə olan texniki səhvlərdir. Bu da qaçılmazdır. Amma oyunçularımın rəqibdən çəkinməməsi məni sevindirir. Müdafiəçilərim daha çox təkbətək mübarizədə olurlar. Çalışırıq ki, onlar nə sürətdə, nə də təkbətək mübarizədə uduzsunlar. Yeni müdafiəçi götürmək fikrim yoxdur. Zədəlilərimiz də sıraya dönəcək. Çempionlar Liqasının qrupunda oynamaq onların haqqıdır".

Mütəxəssis azarkeşlərin qrupa düşmək üçün dua etdiyini söyləyib: "Bu mənə və futbolçulara böyük məsuliyyət verir. Məncə, qrupda oynamağımızı gözləmirlər, arzu edirlər. Bu da bizi yaxşı mənada həyəcanlı edir. İnanıram ki, sevinmək üçün hamımız bir yerdə hər şeyi edəcəyik".

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. (report)