29/09/2022
13:21
1652
| A A A
Paris-2024: UWW lisenziya reqlamentini açıqladı

Dünya Güləş Birliyi (UWW) Paris-2024 üçün təsnifat reqlamentini açıqlayıb.

Goal.az xəbər verir ki, Tokio Olimpiadasında olduğu kimi, qarşıdan gələn Olimpiya Oyunlarında da 18 (6 sərbəst, 6 yunan-Roma, 6 qadın güləşi) çəkidə 288 idmançı çıxış edəcək. Hər kateqoriyada 16 güləşçi mübarizə aparacaq.

Yenə hər ölkənin idmançıları üçün 3 lisenziya turniri Olimpiadaya vəsiqə qazanmaq şansı verəcək. 2023-cü ilin sentyabrın 16-dən 2024-cü ilin mayın 12-dək – 8 aylıq periodda 288 lisenziya sahibini tapacaq.

İlk lisenziya yarışı gələn ilin sentyabrında keçiriləcək dünya çempionatı olacaq. Bu dəfə fərq ondadır ki, hər olimpiya çəkisində 6 yox, 5 idmançı Paris-2024-də iştirak hüququ əldə edəcək. Medal qazanan idmançılarla yanaşı, bürünc medal görüşündə məğlub olan 2 güləşçi arasında keçiriləcək qarşılaşmanın qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

2024-cü ildə isə əvvəlcə hər qitə üzrə təsnifat turnirlərinin finalçıları Olimpiadada yerini təmin edəcək. Sonuncu lisenziya yarışı mayda baş tutacaq. Dünya Təsnifat turnirində hər çəkidə 3 idmançı Paris-2024-ə bilet əldə edəcək. Finalçılarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibi lisenziya qazanacaq. Bununla da Olimpiya Oyunlarının bütün iştirakçıları müəyyənləşəcək.