Niderland milli komandasının keçmiş futbolçusu Robin van Persi məşqçiliyə başlayır.
Goal.az xəbər verir ki, sabiq forvard Feyenoord klubunda məşqçilik edəcək. Bu barədə Niderland mətbuatı məlumat yayıb. Van Persinin Feyenoord-da hücumçularla iş üzrə məşqçi olacağı bildirilir.
Robin məhz Feyenoord-un yetirməsidir. Lakin o, daha çox İngiltərənin Arsenal (2004-2012) və Manchester United (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında Manchester United-lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında Türkiyənin Fenerbahçe klubunda forma geyinib. O, qardaş ölkədə 87 oyuna çıxıb, 36 qol vurub.
Van Persi Niderland millisində 102 oyunda iştirak edib və 50 qola sevinib.