24/05/2021
15:55
1747
| A A A
Məşhur məşqçi karyerasını bitirdi

Niderlandın Feyenoord klubunun baş məşqçisi Dik Advokat karyerasını başa vurub.

Goal.az xəbər verir ki, komandasının bu gün Utrecht-ə qarşı keçirdiyi oyun 73 yaşlı mütəxəssisin karyerasında sonuncu matç olub.

Advokat, Feyenoord-un 2:0 hesabıyla qalib gəldiyi oyundan sonra göz yaşlarını saxlaya bilməyib. Komandası isə bu qələbə sayəsində növbəti mövsüm Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.

Xatırladaq ki, Advokat hələ Türkiyənin Fenerbahçe klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi. Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin Sparta və Utrecht-də çalışıb. 2019-cu ilin oktyabrından isə o, Feyenoord-u çalışdırırdı. Advokat, mövsümün sonunda karyerasını bitirəcəyini ötən ilin dekabr ayında açıqlamışdı.

Məşqçiliyə 1980-ci ildə başlayan mütəxəssis 40 illik zəngin karyerasında bir sıra komandalarda çalışıb. O, PSV ilə Niderland, Rangers-lə Şotlandiya, Zenit-lə Rusiya çempionu olub. Advokat Niderland millisiylə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Bellçika, Rusiya, Serbiya yığmalarını da çalışdırıb.