05/08/2022
23:36
822
| A A A
UEFA Putinlə bağlı şüarlara görə Fenerbahçe-ni cəzalandırıb

UEFA Türkiyənin Fenerbahçe klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın Dinamo (Kiyev) komandasına qarşı keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Məsələni araşdıran UEFA Fenerbahçe-ni 50 000 avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

Qeyd edək ki, Fenerbahçe - Dinamo görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.(report)