09/05/2021
17:31
1068
| A A A
AVRO-2021: Millimiz birinci dövrəyə məğlubiyyətlə yekun vurdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Goal.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığma Gürcüstanda təşkil olunan I dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.

Tbilisi Voleybol Arenasındakı görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.

Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür.

Qrupun digər qarşılaşmasında 4 xalla 2-ci sırada qərarlaşan Monteneqro ilk iki turdan sonra xalsız olan Gürcüstan seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə AVRO-2021-ə vəsiqə qazanacaq.