Azərbaycan yığması sabah növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Goal.az xəbər verir ki, komandamız səfərdə Şimali Makedoniya ilə üz-üzə gələcək. Skopyedə baş tutacaq qarşılaşma yığmamızın baş məşqçisi Canni de Byazi üçün əlamətdar olacaq. Bu, italiyalının millimizdə yubiley – 30-cu oyunu kimi tarixə düşəcək.
O, indiyədək yığmanı 29 matça çıxarıb. Bu görüşlərdə 6 qələbə və 7 heç-heçəsi olan millimiz 16 dəfə uduzub. 22 qol vuran komanda 37 top buraxıb.
Bu, italiyalı ilə həm də yubiley - 10-cu yoldaşlıq görüşüdür. Əvvəlki 9 oyunda 2 qələbə, 2 heç-heçə və 5 məğlubiyyəti olan yığmamız 8 qol vurub, 11-ni buraxıb.
Skopyedəki duel yoldaşlıq oyunları və qeyri-rəsmi beynəlxalq turnirlər çərçivəsində 134-cü matçdır. Əvvəlki 133 sınaqda 36 qələbə və 44 heç-heçəsi olan milli 53 dəfə məğlubiyyətə üzülüb. 123 qol vuran futbolçularımız 168 top buraxıb.
Qeyd edək ki, sabah baş tutacaq Şimali Makedoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.