31/07/2022
22:18
1734
| A A A
Azərbaycanın daha üç güləşçisi dünya çempionatında medal qazanıb

Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandası İtaliyanın paytaxtı Romadakı dünya çempionatının son günündə daha 3 medal qazanıb.

Goal.az xəbər verir ki, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayev (51 kq) və Ağanəzər Novruzov (71 kq) bürünc medala yiyələnib.

Verdiyev ukraynalı Vladislav Çornovilə (10:0), gürcüstanlı Nikolos Botçorişviliyə (4:3) və moldovalı Konstantin Rusuya (5:0) qalib gələrək finala yüksəlib. Lakin o, həlledici görüşdə ABŞ təmsilçisi Domenik Munarettoya (0:2) uduzub.

Ağayev türkiyəli Mustafa Karabuğa (14:4) və özbəkistanlı Abbasbek Kobilov (6:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Finalın bir addımlığında o, iranlı Məhəmməd Əsədi (2:12) ilə bacarmayıb. 3-cü yer uğrunda görüşdə isə Ağayev qırğızıstanlı Bayaman Kərimbekovu üstələyərək (4:1) bürünc medal qazanıb.

Novruzov avstriyalı Məhəmməd İnşapiyevə (12:0), ukraynalı Timur Yusova (12:10) və gürcüstanlı Nikolos Maysuradzeyə son xal prinsipi ilə (2:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finalın bir addımlığında italiyalı Raul Kasoya minimal fərqlə (1:2) uduzsa da, bürünc medal uğrunda qarşılaşmada hindistanlı Narender Narenderi (3:1) yenib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçilərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) dünya çempionu olub.