17/04/2016
02:06
1570
| A A A
Cəbrayıl Həsənov qarşısıalınmaz oldu

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Goal.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan yığması bir qızıl medal qazanıb.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burcanı və Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. İkinci ilə görüş cəmi 1 dəqiqə 46 saniyə çəkib.

Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya olub.

Cəbrayıl Həsənovun Avropa təsnifat turnirinin finalında rəqibi Gürcüstan təmsilçisi Yakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə qələbə ilə başa vuran Cəbrayıl turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib.

Qeyd edək ki, Azərbaycan idmançılarından Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıblar. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.