“Avropa Liqası muzeyi”ndə növbəti imza günü
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində yerli futbol azarkeşləri ilə görüşəcək növbəti qonaq bəlli olub.
Goal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yanvarın 3-də saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və Neftçi-nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunacaq.
Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib. Final oyunu bu il mayın 29-da keçiriləcək.