05/09/2019
17:24
4467
| A A A
"Cinahda Ağabala Ramazanovun sürətini qeyd edərdim" - Qiqqs

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının baş məşqçisi Rayan Qiqqsin mətbuat konfransı keçirilib.

Goal.az xəbər verir ki, Qiqqs, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Komandanızda durum necədir?

– Hər şey qaydasındadır, zədəlilərimiz yoxdur. Təkcə Ben Vudbernin yüngül zədəsi var.

Artıq iki məğlubiyyətiniz var…

– Elə buna görə də, mütləq qələbə qazanmalıyıq. Xüsusilə, evdəki oyunların hamısından qalib ayrılmaq istəyirik.

– Ev oyununda hansı atmosferi gözləyirsiz?

– Evdə yaxşı oynayırıq, azarkeşlərimiz bizi Slovakiya ilə görüşdə tək qoymadı. Azərbaycanla oyun da bizə asan başa gəlməyəcək. Rəqib bütün matçlarda qol vurmağı bacarıb.

– Eşli Uilyamsın yoxluğunda kapitan sarğısı Qaret Beylə keçib…

– Beyl elə bir oyunçudur ki, qol vursa, ardı gəlir. Beyl lider kimi kapitan olmağa layiqdir.

– Qaret Beyl əsas qol ümidinizdir?

– Biz təkcə ona güvənmirik, qol vurmağı bacaran yetərincə oyunçumuz var.

– Ben Devisin vəziyyəti nə yerdədir?

– Devis sabahkı oyuna tam hazırdır.

– Azərbaycan millisinin bütün oyunlarda qol vurmasını qeyd etdiz, ancaq nədənsə buraxdığı toplardan bəhs etmədiz. Azərbaycanın iştirakı ilə hansı matçları izləmisiz və hansı futbolçularını qeyd edə bilərsiz?

– Bəli, Azərbaycan az top buraxmayıb. Ancaq bütün hallarda, oyuna köklənməni itirməməliyik. Məsələn, Xorvatiya ilə səfər matçını qeyd edə bilərik. Adını qeyd edəcəyim oyunçuya gəlincə, Riçard Almeydanı vurğulayardım. Oyunu yaxşı idarə edir. Cinahda isə Ağabala Ramazanovun sürətini qeyd edərdim. Rəqibin əks-hücumlarına hazırlaşmışıq. Çalışacağıq ki, buna imkan verməyək. Sağ və sol cinah müdafiəçiləri də çox sürətlidirlər.

– Azərbaycana qalib gələ bilməsəz, bu, özünüz və komandanız üçün faciə sayılacaq?

– Qrupda iki məğlubiyyətimiz var. Buna görə də, Azərbaycan millisiylə oyunda xal itkisi bizim üçün faciə olacaq. Qrupda mürəkkəb vəziyyət yaranıb, geriyə yol yoxdur.

Sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.